23 noyabr tarixində peşə təhsilində təcrübə proqramlarının genişləndirilməsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC ilə əməkdaşlıq memorandumları imzalayıb.
“Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC ilə əməkdaşlığın başlıca məqsədi peşəkarlıq səviyyəsinin artırılması üçün “Poliqrafiya üzrə dizayner” və “Qrafik dizayner” ixtisasları üzrə təhsil alan tələbələrin kadr hazırlığını təşkil etmək və bu istiqamətdə birgə fəaliyyət göstərməkdən ibarətdir.
Əməkdaşlıq çərçivəsində “Qanun Nəşriyyatı” MMC və “Tuna” QSC-də sözügedən ixtisaslarda ixtisaslarında təhsil alan tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramlarının təşkili və məzun tələbələrin işlə təmin olunması üzrə dəstək göstərilməsi nəzərdə tutulur. Belə ki, hal-hazırda “Poliqrafiya üzrə dizayner” ixtisası üzrə təhsil alan tələbələrin bir qrupu “Qanun Nəşriyyatı” MMC-də, digər qrup isə “Tuna” QSC-də həftədə iki dəfə olmaqla istehsalat təlim dərsləri keçirlər. Təlim prosesində tələbələr həm Mərkəzin müəllimləri, həm də işəgötürənin peşəkar ustaları tərəfindən müvafiq biliklər əldə edirlər. Növbəti həftədən başlayaraq “Qrafik dizayner” ixtisasında oxuyan tələbələr də istehsalat təlim dərslərinə qatılacaq.
Tərəflər qarşıya qoyulan məqsədlərin reallaşdırılması və birgə fəaliyyət planlarının həyata keçirilməsi üçün peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsini, müəyyənləşdirilmiş istiqamətlər üzrə tədris plan və proqramların birgə hazırlanmasını nəzərdə tutub.