Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib
30
11 2021
news image

30 noyabr tarixində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” (Youth Business Workshop)” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli iştirak edib. Çıxışlar zamanı layihənin peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsi, həmçinin peşə təhsilinə marağın artırılması baxımından əhəmiyyəti vurğulanıb. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Daha sonra bu gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunacaq, onlara mentorluq dəstəyi göstəriləcək, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunacaq. Bununla yanaşı uğurlu sahibkarlar tərəfindən “Master class”lar təşkil ediləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar. 2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq.

Layihənin məqsədi peşə təhsil müəssisələrində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, özünüməşğulluğunun təmin edilməsi, həmçinin mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması və yeni biznes təşəbbüslərinin dəstəklənməsindən ibarətdir.

Tədbirin yekununda KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsinin icrasına dair üçtərəfli sənəd imzalanıb.