“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Aşpazlıq üzrə Milli müsabiqənin II mərhələsi baş tutub
18
11 2021
news image

17 noyabr tarixində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə Milli müsabiqənin II mərhələsi baş tutub.

Müraciətçilər arasından ikinci mərhələyə keçid hüququ qazanmış 79 iştirakçı 1 saat ərzində Aşpazlıq istiqaməti üzrə 30 test tapşırığını cavablayıb. Həmçinin namizədlər müsabiqəyə gələrkən hər biri əvvəlcədən hazırladığı bir yeməyin fotoşəklini təqdim edib. Təqdim olunan fotoşəkillərə və test nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən iştirakçılar III mərhələyə keçmək hüququ əldə edəcək.

Növbəti mərhələyə keçəcək iştirakçılar təqdim edilən inqredientlərdən istifadə etməklə bir salat və bir əsas yemək hazırlayacaq. IV mərhələdə isə uğur qazanan beş iştirakçı "CÀSÀ" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla təlim-təcrübə proqramına qoşulacaq və təcrübə proqramının sonunda, imtahanların nəticələrinə əsasən, üç şəxs Final mərhələsinə doğru irəliləyəcək.

Final mərhələsinin sonunda qalib şəxs “CÀSÀ” Kulinariya Mərkəzi tərəfindən "Diplom Proqramları" üçün təqaüd əldə edəcək və önümüzdəki ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ümumilikdə V mərhələdən ibarət olan Milli müsabiqəyə 168 şəxs qeydiyyatdan keçib.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.