Peşə təhsili pilləsində çalışan mütəxəssislər üçün rəqəmsal öyrənmə və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində 4 həftəlik təlim kursu həyata keçirilir
15
11 2021
news image

Ötən aydan etibarən "Gələcək üçün Peşə Təhsili" layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq, “MOODLE” təhsil platformasından istifadə edərək rəqəmsal öyrənmə və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində 4 həftəlik təlim kursu həyata keçirilir.

Təlim kursu sahə üzrə mütəxəssis Dr. Maria Toro-Troconis tərəfindən tədris edilir. Kurs izahedici vebinarlar və sərbəst öyrənmə imkanları təmin edilərək aparılır. Təlim kursunda Bakı, Gəncə, Şəki, Cəlilabad, Lənkəran, İsmayıllı, Mingəçevir və Qəbələdə yerləşən 12 peşə təhsil müəssisəsindən seçilmiş aparıcı mütəxəssislər iştirak edir.

Kurs müddətində iştirakçılar innovativ tədris strategiyaları, metodları və təlim bacarıqlarının təşkili, eləcə də seçilmiş peşə və mövzuya uyğun rəqəmsal dərs planı və qiymətləndirmə planının qurulması mövzuları üzrə bilik və bacarıqlarını artırırlar. Bu həftə tamamlanacaq proqramın sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatla təltif ediləcəklər.

Kursun məqsədi peşə təhsilində rəqəmsallaşmanın tətbiqinə dəstək olmaq və bu sahədə yeni resursların yaradılmasına birbaşa töhfə verməkdir.

Sözügedən təlim kursu, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra edilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.