Peşə təhsilinin inkişafına stimul verəcək sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub
17
04 2018
news image

       Milli Məclisin Elm və təhsil komitəsinin aprelin 16-da keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

     Komitənin sədri İsa Həbibbəyli qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verərək, peşə təhsilinin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, müzakirəyə çıxarılan bu qanun layihəsi hazırlanarkən  bir sıra qabaqcıl ölkələrin peşə təhsili sahəsində təcrübəsi öyrənilib və nəzərə alınıb. Bu qanun ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla, davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Komitə sədri yeni qanun layihəsinin peşə təhsilinin inkişafında mühüm rol oynayacağını qeyd edib.

      Komitə üzvləri “Peşə təhsili haqqında” qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

     Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.