Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələri “Qafqaz-Qəbələ” MMC Qəbələ Hotellər Qrupu ilə bağlanan müqaviləyə əsasən dual proqram çərçivəsində praktiki məşğələlərə başlayıblar.
Turizm Sahəsində Dual Təhsil Proqramına uyğun olaraq tələbələr 5 həftə ərzində təhsil müəssisəsində ilkin baza biliklərə sahibləniblər. Seçilmiş 37 tələbə peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, Qəbələ Hotellər Qrupuna daxil olan Qafqaz Riverside Resort Hotel və Qafqaz Tufandag Mountain Resort Hotelində şirkətdaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnməkdədirlər.
Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin hotellərində təcrübə qazanacaqlar.
“Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələrin “Qafqaz - Qəbələ” MMC ilə bağlanmış müqaviləyə əsasən tədris ili boyunca müxtəlif dövrlərdə tədris planına uyğun olaraq, istehsalat təlimi və təcrübəsi təşkil olunacaqdır.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.