Seçilmiş peşə təhsil müəssisələri üçün “Karyera məsləhətinin təşkili” üzrə təlim proqramına start verilib
07
10 2021
news image

     Ötən gündən etibarən peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera məsləhətinin təşkili” adlı təlim proqramına start verilib.

     Təlim proqramının ilk günü Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə-Əsgərova iştirakçılara Karyera Mərkəzlərinin ilk dəfə olaraq peşə təhsil müəssisələrində yaradıldığını qeyd edərək, bu təşəbbüsün təşkilati əhəmiyyətindən söz açıb. Gənclərə bacarıqlarının inkişafı üçün keyfiyyətli məsləhət xidmətinin göstərilməsi və məşğulluğun təmin edilməsində Karyera Mərkəzlərinin rolunu vurğulayıb. Daha sonra, karyera məsləhəti üzrə ekspert və təlimçi Toğrul Ələkbər proqramın məzmunu barədə təqdimat edib və iştirakçıların suallarını cavablandırıb.

     “Karyera məsləhətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib.

     Təlim proqramı "Karyera Məsləhətçisi" və "Təlimçinin təlimi" kurslarını, həmçinin hər iki təlimdən sonra praktik tapşırıqlara və konsultasiyalara əsaslan mentorluq prosesini özündə ehtiva edir. Eyni zamanda, təlim proqramı çərçivəsində karyera məsləhətçilərinin əyani vəsaitlərlə və alətlər toplusu ilə təmin edilməsi nəzərdə tutulub.