Ötən gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev və “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov Türkiyəyə səfər çərçivəsində qaynaq avadanlığı istehsalı sahəsində Avropanın ən böyük istehsalçılarından biri olan Gedik Kaynak şirkətinə və müəssisənin taleliyində olan peşə təhsil müəssisələrinə ziyarət edib.
Səfərin məqsədi şirkətin sektorda həm istehsal, həm də tədris işləri üzrə çoxillik təcrübəsinin öyrənilməsi və gələcək əməkdaşlıq üçün müzakirələrin aparılması olub.
Agentliyin direktoru Valeh Mirzalıyev Gedik Kaynak şirkətinin idarə heyətinin sədri Hülya Gediyin müşayiətilə müəssisə ilə yaxından tanış olub. Azərbaycan təhsil nümayəndələri qaynaq sahəsində ən müasir texnologiyaların tətbiqi ilə bağlı məlumat əldə ediblər. Eyni zamanda Gedik Meslek Yüksekokulu və Halil Kaya Gedik Metal Teknolojisi Mesleki ve Teknik Anadolu Lisesi ilə yerində tanış olublar.
Səfərdə birgə müzakirələr zamanı yaxın gələcəkdə sözügedən peşə təhsil müəssisələri ilə eyni istiqamətlər üzrə əməkdaşlığın qurulması prioritet məsələ olaraq müəyyənləşdirilib.