Peşə təhsil pilləsində təhsil nəticələrinə əsaslanan təqaüd sistemi tətbiq ediləcək
16
11 2021
news image

2021/2022-ci tədris ilindən başlayaraq  peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən veriləcəkdir. Bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda müvafiq dəyişikliklər edilmişdir.

Qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artırmasına və onların təhsilə marağının stimullaşdırmasına müsbət təsir etməklə yanaşı tələbələrə dövlət qayğısını artırmılmasına və onların sosial müdafiəsini daha da gücləndirilməsinə xidmət edir. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcəkdir. Bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaqdır. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaqdır.

Qeyd edək ki, ötən dövrdə peşə təhsil müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni  aylıq olaraq  50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilmişdir. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat və akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat aylıq təqaüd ödəniləcəkdir.

 Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi yüksək olan tələbəyə üstünlük veriləcəkdir.

FAQ

Eyni zamanda təhsil müəssisələrinə yeni qəbul olmuş tələbələr birinci tədris ilinin birinci yarımilində müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisindən və  ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrdən asılı olaraq diffensiallaşdırılmış təqaüd ala biləcəklər.

Məlumat üçün bildiririk ki, peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır ki, onların da 80 faizinə təqaüd verilir.