Peşə təhsil müəssisələrinin müəllimləri üçün “Sahibkarlıq pedaqogikası və sahibkarlıq tədris modellərinin inkişafı” mövzusunda təlim həyata keçirilib
03
11 2021
news image

      Peşə təhsil müəssisələrinin müəllimləri üçün “Sahibkarlıq pedaqogikası və sahibkarlıq tədris modellərinin inkişafı”  adlı 3  günlük təlim həyata keçirilib.

      1 - 3 noyabr tarixlərində  keçirilən təlim zamanı peşə təhsili sahəsində fəaliyyət göstərən 21 nəfər müəllim Rusiya universitetləri ilə birlikdə Sosial İnvestisiya Fondu tərəfindən sınaqdan keçirilmiş proqram əsasında sahibkarlıq fənninin tədrisinin müxtəlif metodlarını mənimsəyiblər.

      Təhsil sahəsində ixtisaslaşan “Education HUB” şirkəti tərəfindən keçirilən təlim proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyinin və BMT İnkişaf Proqramının Rusiya nümayəndəliyinin dəstəyilə reallaşıb.

      Təlim proqramında sahibkarlıq fənnində interaktiv metodların tətbiqi, sosial sahibkarlıq, hakatonların təşkili, sahibkarlıq layihələrinin icrası və inkişafı üçün HADI metodunun istifadəsi haqqında təqdimatlar edilib və qrup işləri hazırlanıb.

      Təlimdə iştirak edən müəllimlər əldə etdikləri yeni bilik və bacarıqları gələcəkdə tədris prosesində tətbiq edəcəklər. Rusiya Sosial İnvestisiya Fondunun tərəfdaşlığı ilə keçirilən təlimi uğurla başa vuran şəxslər sertifikatlarla təltif olunub.