Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Türkiyə səfəri çərçivəsində 2 peşə təhsil müəssisəsini ziyarət edib
02
11 2021
news image

      Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfərinin ikinci günü başa çatıb. Səfərin ikinci günündə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə Ankara-Sincan Erkunt Mesleki Eğitim Merkezi və Cezeri Yeşil Teknoloji Mesleki ve Teknik Anadolu Lisesini ziyarət edib.

      Peşə təhsil müəssisələrinə səfərin məqsədi yaradılmış şərait və mövcud maddi texniki baza ilə tanışlıq, həmçinin müəssisə idarəçiliyi, tədrisin təşkili, işəgötürənlərlə əməkdaşlıq təcrübəsinin öyrənilməsi olub.

      Səfərdə birgə müzakirələr zamanı yaxın gələcəkdə sözügedən peşə təhsil müəssisələri ilə eyni istiqamətlər üzrə müxtəlif əməkdaşlıqların qurulması prioritet məsələ olaraq müəyyənləşdirilib. 

     Qeyd edək ki, 1 noyabr tarixindən başlayaraq təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlayıb. Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olunub.