Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
20
10 2021
news image

        Azərbaycan nümayəndə heyəti 19-20 oktyabr tarixlərində “WorldSkills International” təşkilatının ən ali tədbiri olan “Ümumi Yığıncaq”da iştirak edir. Sözügedən yığıncağın I sessiyası çərçivəsində Azərbaycan “WorldSkills International” təşkilatının rəsmi nümayəndəsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, Ceyhun Kərəmov çıxış edib. Çıxış zamanı  Azərbaycanın “WorldSkills International” təşkilatına üzv olduğu tarixdən bu günə qədər keçdiyi fəaliyyət yolunun təqdimatı olub. Əlavə olaraq, tədbir zamanı keçən ilin hesabatlarına nəzər salınıb və növbəti il üçün Çinin Şanxay şəhərində keçiriləcək yarışla əlaqəli yeniliklərin müzakirəsi olub.

        Görüş “WorldSkills International” təşkilatının İdarə heyətinin, regional qurumların və üzv dövlətlərin, eləcə də tərəfdaş təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə iki gün ərzində onlayn formatda baş tutmaqdadır.

        Qeyd edək ki, ötən həftə Azərbaycan nümayəndə heyəti “WorldSkills International” təşkilatının önəmli tədbirləri sırasında yer alan Müsabiqə Komitəsi və Strateji Komitənin iclaslarında da iştirak edib.

        Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə  inteqrasiya etmək imkanı yaradır. Növbəti yarışlar 2022-ci ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcəkdir. Azərbaycanın sözügedən yarışlarda iştirakı nəzərdə tutulur.