Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
18
10 2021
news image

     Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün Türkiyəyə iki həftəlik təlim və təcrübə səfəri uğurla yekunlaşıb.

     Təlim səfərinin sonuncu günündə Sultanahmet Mesleki ve Teknik Anadolu Lisesinə ziyarət edilib. İlk öncə tarixi binada yerləşməsi ilə diqqət çəkən təhsil müəssisəsinin rəhbəri Yusuf Atılgan ilə görüş keçirilib. Daha sonra peşə təhsil müəssisəsinin “İKT”, “Elektrik”, “Qrafik” və “Fotoqrafiya”, “Mebel” və “Daxili Məkan” sahələri üzrə istehsalat təlim otaqları, emalatxanalarla tanışlıq olub. Təlim günü çərçivəsində İstanbul Milli Təhsil İdarəsinin müdir müavini Mehmet Nezir Eryarsoy ilə keçirilən görüş zamanı həm Azərbaycan, həm də Türkiyənin peşə təhsil sistemi ilə bağlı müzakirələr, söhbətlər aparılıb.

     Səfər zamanı ziyarət edilən peşə təhsil müəssisələri sırasında Cağaloğlu Geleneksel Türk Sanatları Mesleki ve Teknik Anadolu Lisesi də yer alıb. Peşə təhsil müəssisəsinin direktoru Emine Erdönmez ilə keçirilən görüşdə “Ənənəvi Türk sənətləri" ixtisası üzrə emalatxana və istehsalat təlim otaqlarına baxış keçirilib.

     Yekunda İstanbul Milli Təhsil Müdürlüyü tərəfindən Sabancı Öğretmen Evində bağlanış mərasimi təşkil olunub. Mərasimdə Milli Təhsil Müdürlüyünün nümayəndələri, təlim səfəri zamanı ziyarət edilən peşə təhsil müəssisələrinin müdirləri iştirak ediblər. Sonda proqram iştirakçıları sertifikat ilə təltif edilib, xatirə şəkilləri çəkilib.

     Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılaraq, sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalanıblar.