Seçilmiş peşə müəssisələri rəhbərlərinin Türkiyəyə təlim səfərinin doqquzuncu günündə Haydarpaşa MTAL-ARGE peşə təhsil müəssisəsinə səfər edilib. Açılış nitqi ilə çıxış edən müəssisənin direktoru Lütfi Cevahir tədris olunan əsas istiqamətlər, özəl sektorla əməkdaşlıq və Türkiyədə peşə təhsil sistemi barədə ətraflı məlumat verib. Müəssisənin himayəçisi hesab edilən Marmara universitetinin rektoru Mustafa Kurt peşə təhsil müəssisəsi ilə universitet arasında mövcud əməkdaşlıqdan söz açıb. Müəssisədə təşkil olunan infotur çərçivəsində taxta və mebel istehsalı, maska istehsalı, rabitə, proqramlaşdırma, avtomatlaşdırma kimi ixtisasların emalatxanaları və tədris otaqları ilə tanışlıq baş tutub.
Təlim gününün sonunda Üsküdar rayon təhsil idarəsi rəhbəri Sinan Aydın, Üsküdar Bələdiyyə sədri Hilmi Türkmən, Üsküdar icra başçısı Murat Sefa Yürek və şəhər təhsil idarəsinin müdir köməkçisi M.Nəzir Eryarsoyun iştirakı ilə təşkil olunan şam yeməyində Türkiyə və Azərbaycan təhsil sisteminin səciyyəvi cəhətləri müzakirə olunub. Sonda səfər iştirakçılarına və təşkilatçılara hədiyyələr təqdim olunub. Təlim gününün sonunda səfər iştirakçıları proqram çərçivəsində Boğaz gəmi gəzintisində iştirak edib.
Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılaraq, sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalanırlar.