“Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisasları üçün fəaliyyət yönümlü öyrənmə və kurrikulum üzrə təlimlər keçirilib
01
10 2021
news image

27 sentyabr – 1 oktyabr tarixlərində Cənubi Qafqazda “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi”  proqramı çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Dəmiryol və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbindən olan 11 müəllim üçün təlim həyata keçirilib. “Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisasları istiqamətində fəaliyyət yönümlü öyrənmə və kurrikulum üzrə təşkil olunan təlimlər 5 gün davam edib.

Təlimin əsas məqsədi “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində yaradılan “Logistika Operatoru” və “Dəmiryolu Stansiyası və Keçid Növbətçisi” ixtisasları üçün peşə təhsili müəllimlərini yeni kurikulumun və təlim modullarının tətbiqi üzrə təlim keçməkdən ibarət olub.

Peşə təhsili müəllimləri təlim boyunca müxtəlif öyrənmə vasitələrindən istifadə, dərs planlarının hazırlanması və səriştə əsaslı mövzular ətrafında öz biliklərini artırıblar. Təlim proqramındakı mövzuların üzərindən keçmədən öncə, müəllimlər ilk olaraq iki ixtisasın kurikulumlarına nəzər yetiriblər və modullar haqqında məlumat alıblar. Ümumilikdə təlim peşə təhsil müəllimlərinə logistika və dəmiryolu barəsində biliklərini artırmağa, həmçinin, effektiv öyrənmənin tətbiqi və təşkili üsullarını müəyyən etməyə yardımçı olub. Təlim iştirakçılarına əldə etdikləri biliklər şagirdlərin performansını yaxşılaşdırmaq üçün dərslər zamanı dinamikanı yaratmağa kömək edəcək və tələbələrə peşələrini daha dərindən mənimsəməyə dəstək olacaq. Sözügedən təlim Almaniyadan dəvət olunmuş Logistika üzrə Fəlsəfə Doktoru Gebhard Hafer və “Azərbaycan Dəmir Yolları” QSC-də Yükqatarlarının tərtibatı şöbəsinin müdir müavini Ziya Məmmədov tərəfindən keçirilib.

Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyəşdirilir və 2017-2023-ci illəri əhatə edir. Layihənin modul hədəfi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişafın şərtlərini təkmilləşdirməkdir. Proqramın məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda rəqabətlilik bacarığını yaxşılaşdırmaq, özəl və dövlət sektorun nümayəndələrinin əməkdaşlığını inkişaf etdirmək, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübənin mübadiləsini gücləndirməkdən ibarətdir.