Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” layihəsi çərçivəsində təlimlərin keçirilməsinə başlanılıb. Layihənin məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirməkdir.
27 sentyabr tarixindən “Bərbər” və “Ərzaq və qeyri ərzaq malların satıcısı” ixtisasları üzrə ilk təlimlərə başlanılıb.
“Bərbər” ixtisası üzrə təlimlər “Eldar Studio” ilə əməkdaşlıq çərçivəsində 12 nəfər müəllimin iştirakı ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yerləşən emalatxanada təşkil olunub. Dərslər işəgötürən tərəfin müəyyən etdiyi məsul şəxsin rəhbərliyi ilə master-klasslar və praktiki məşğələlər formatında təşkil edilir.
“Ərzaq və qeyri ərzaq malların satıcısı” ixtisası üzrə təlimlər isə “Bazarstore” MMC şirkəti ilə əməkdaşlıq çərçivəsində 10 nəfər müəllimin iştirakı ilə sözügedən müəsissədə keçirilməkdədir. “Bazarstore” MMC-nin təlimçiləri tərəfindən təlimin ilk iki günü nəzəri biliklərin təqdimatı edilib. Növbəti üç gün ərzində isə adıçəkilən supermarket şəbəkəsinin “Xətai” filialında çalışan peşəkar əməkdaşlar tərəfindən praktiki biliklər əsasında ümumi iş prosesi ilə tanışlıq həyata keçilirməkdədir.
Təxminən 10 ixtisası əhatə edəcək layihə çərçivəsində irəliləyən həftələrdə avtomobil təmiri, sənətkarlıq və turizm sahələrində təlimlərin keçirilməsi nəzərdə tutulub.
Layihə boyunca hər bir işəgötürən müəsissə təfərindən təlimi həyata keçirən bir və ya bir neçə əməkdaşın təyin olunması və əlaqələndirici şəxs qismində çıxış etməsi məqsədəuyğun hesab edilir.
Təlimlər Bakı şəhərindən 100, regionlardan 70 müəllimin, həmçinin yeni təyinat alan yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris aparan 30 müəllimin cəlb edilməsini hədəfləyir.