“Anbar Operatoru” və “Avtoyükləyici Operator” ixtisasları üzrə təşkil olunan qısamüddətli təlimlər uğurla başa çatıb
01
10 2021
news image

      Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin nəzdində logistika istiqamətində yeni qruplar üzrə keçirilən təlimlər uğurla tamamlanıb.

      01 oktyabr tarixində avqust və sentyabr ayları ərzində keçirilən “Anbar Operatoru” və “Avtoyükləyici Operator” ixtisasları üzrə təlimləri uğurla tamamlayan 44 nəfər şəxs dövlət nümunəli sertifikatlarla təltif edilib. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev qısamüddətli təlimlərin əhəmiyyətindən və günümüzdəki aktuallığından söz açıb. Agentlik rəhbəri əmək bazarında tələb olunan bilik və bacarıqların sürətlə dəyişdiyi bir dövrdə qısa müddətli öyrənmə imkanlarının yaradılmasının vətəndaşlara əmək bazarının ehtiyacları ilə daha tez ayaqlaşmasına imkan yaratdığını qeyd edib.

      Cari ilin mart ayından başlayaraq,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə müxtəlif peşə təhsili müəssisələrinin nəzdində yeni qısamüddətli təlimlərin icrasına başlanılıb. İndiyədək təşkil edilən təlimlər əsasən informasiya və komunikasiya texnologiyaları, logistika, xidmət, maliyyəmühasibatlıq və sənaye istiqamətləri üzrə keçirilib. Təlimlərin keçirilməsində məqsəd vətəndaşların, xüsusilə də gənclərin yiyələnmək istədikləri peşə sahələri üzrə ixtisaslaşıb, əmək bazarının dəyişən və artan tələblərinə cavab verən mütəxəssislərə çevrilməsinə dəstək göstərməkdir.

      Logistika istiqamətində keçirilən “Avtoyükləyici Operator” təlimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Anbar Operatoru” təlimi isə Abşeron Logistika Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilib.

      İl ərzində 19 ixtisas üzrə keçirilən təlimlərə ümumilikdə 606 nəfər seçilərək cəlb edilib. Təlimlər mövcud şəraitə uyğun olaraq, onlayn və əyani məşğələlər formasında keçirilir. 

      Qısamüddətli təlimlər çərçivəsində İKT sahəsində aktuallaşan yeni istiqamətlər üzrə “Oyun yaradılması”, “UI/UX”, “SQL” və bu kimi təlimlər də keçirilməkdədir. Həmçinin, cari ilin sonunadək əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulur.

      Təlimlər haqqında məlumat Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media kanallarında paylaşılır.