Peşə təhsil müəssisələrində 27 sentyabr “Anım Günü”nə həsr olunan silsilə tədbirlər həyata keçirilib
27
09 2021
news image

        27 sentyabr tarixində Bakı və regionlarda yerləşən peşə təhsil müəssisələrində  İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.

      Tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhid ailələri və məzun qazilərlə görüşlər təşkil olunub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nəzərdə tutulan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak edib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirindən sonra II Şəhidlər Xiyabını ziyarət edilib və Mərkəzin ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin girişində şəhidlərin fotostendləri hazırlanıb və onların mübarizə yolunu əks etdirən videoçarxlar, işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərini əks etdirən video materiallar nümayiş etdirilib. Lənkəran Peşə Liseyi də “Anım Günü” ilə əlaqədar şəhid ailələrinə verilən yeni yaşayış binasının həyətinə Lisey tərəfindən istehsal olunan masalar, oturacaqlar, tullantı qutuları, güldanlar yerləşdirilib. Bununla yanaşı Liseyin həyətində şəhidlərin əziz xatirəsinə ağaclar əkilib. Müəssisələr arasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tarixi günlə əlaqədar geniş tədbir keçirib, həmçinin Mərkəz kollektivi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub.

      Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi 2020-ci il dekabrın 2-də İlham Əliyevin Sərəncamına əsasən qeyd olunur. “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Peşə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və məzunları arasından II Qarabağ müharibəsində iştirak etmiş 54 nəfər vətənin azadlığı uğrunda göstərdikləri şücaətə görə ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif ediliblər. 44 günlük Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.