Bakıda Koreya təhsil standartları əsasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılır. Layihəyə Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq start verilib. Nümunəvi təhsil müəssisəsi olacaq Peşə Təhsil Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaq. Layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında 8 ixtisas - “mexanika” “elektronika”, “elektrik mühəndisliyi”,”sənayedə quraşdırma işləri”, “tikinti”, “informasiya texnologiyaları”, “avtomobil” və “avtomatlaşdırma” istiqamətləri üzrə kadrlar hazırlanacaq. Bu məqsədlə ən müasir maddi-texniki baza qurulacaq.
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı məlumat verib. Onun sözlərinə görə, Koreya hökuməti ilə birgə həyata keçirilən layihəyə artıq start verilib. Mərkəz Koreya Respublikasının mütəxəssislərinin iştirakı ilə bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq: “Müqavilə bağlandıqdan sonra tikinti başlayıb. Binəqədi rayonunda 6 nömrəli əvvəlki peşə liseyinin bazasında yeni, ən müasir standartlara uyğun Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin binasının tikintisinə başlanılıb. 6430 kvadratmetr ərazidə tamamilə yeni binalar tikiləcək. 4232 kvadratmetr ərazidə mövcud olan bina müasir standartlara uyğun təmir ediləcək. Tikinti və təchizat işlərinin 2019-cu ilin iyun ayında başa çatacağı nəzərdə tutulub”.
M.Bayramlı deyib ki, infrastruktur tamamilə yenilənir. Tikinti başa çatdıqdan sonra Mərkəzdə qurulacaq avadanlıqlar da Koreyadan gətiriləcək: “Bütün proses koreyalı mütəxəssislərin birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçiriləcək. Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam yeni formatda, müasir standartlara uyğun tədrisin həyata keçirilməsi nəzərdə tutulub”.
M.Bayramlı onu da vurğulayıb ki, Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyəcək müəllimlər də əvvəlcədən hazırlanacaq: “Azərbaycanlı müəllimlər 3 ay Koreyada təlim keçəcək, mərkəzdə istifadə ediləcək avadanlıqlarla işləməyi, yeni təhsil proqramını öyrənəcəklər. Peşə Təhsil Mərkəzində təhsilin məzmununu koreyalı mütəxəssislər hazırlayacaq. Mərkəzin tələbələrinin qiymətləndirilməsi də Koreya standartları əsasında həyata keçiriləcək”.