2021/2022-ci tədris ili üzrə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin müsahibə mərhələsinin müddəti 8 oktyabr tarixinədək uzadılır. 27 sentyabr tarixindən etibarən həyata keçirilən sözügedən mərhələ onlayn qaydada təşkil olunmaqdadır.
Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə ediləcəkdir. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil olunur. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcəkdir.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək
- Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak
- Rəqabətə davamlı əmək haqqı
- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı
Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.