Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində “Ön Ofis/Satış Təmsilçisi” istiqaməti üzrə təlimlər keçiriləcək.
Təlimdə iştirak etmək üçün ərizə qəbulu 6 oktyabr 2021-ci il tarixinədək davam edəcək. Müraciətlər elektron ərizə forması üzərindən toplanılacaqdır. Təlimlərə orta ixtisas və ya ali təhsil alan tələbələr, həmçinin məzunlar müraciət edə bilərlər. Seçim üçün Azərbaycan dilində səlis danışıq, ən azı bir əlavə dil biliyi (rus və ya ingilis dili), kompüter və ofis proqramlarından istifadə bacarıqları əsas meyarlar hesab olunur.
“Ön ofis/Satış Təmsilçisi” təliminə seçilmiş iştirakçılar iki ay yarım müddətində ön ofis və onun iş prinsipləri, müştəri xidmətləri və məmnuniyyəti, satış və ünsiyyət bacarıqları, satış işinin qurulması, müştərilərin istəklərinə uyğun satış işinin təşkili, düzgün yönləndirmə, münaqişələrin həlli, stresə davamlılıq kimi çoxşaxəli istiqamətlərdə bilik və bacarıqlara yiyələnəcəklər. Təlimlər müştəri xidmətləri və satış sahəsində təcrübəli mütəxəssis tərəfindən keçiriləcək.
Təlimlərin nəzəri hissəsi hibrid formatda (həm onlayn, həm də ənənəvi) Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində, praktiki hissəsi isə “Azerconnect” MMC-nin, həmçinin digər əməkdaşlıq edilən müəssisələrin müvafiq şöbələrində təşkil ediləcək. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.