Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə əməkdaşlığı çərçivəsində avqust ayından etibarən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində təlimlərə başlayıb.
Təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ixtisaslı metodistləri tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tabeliyində olan 79 idarənin işçiləri üçün aparılır. Onlayn formatda təşkil olunan təlimlərin məqsədi işçilərin ixtisaslarını artırmaq və ümumi kadr hazırlığını təmin etməkdir. Təlim proqramı IT Essentials, Cyber Security, MS Office və digər aktual mövzuları əhatə edir.
İKT təlimlərindən əlavə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin ehtiyaclarına uyğun olaraq “Avtomatika”, “Nasos qurğuları”, “Qaynaqçı” və “Mexanika” sahələrini əhatə edən təlim proqramları da hazırlanıb və növbəti mərhələdə təşkili nəzərdə tutulur.