Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilir
28
09 2021
news image

      28 sentyabr tarixindən etibarən 2021/2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan mərhələsinə başlanılıb. İlk dəfə həyata keçirilən test imtahanları 2 gün müddətində Azərbaycan Texniki Universitetində təşkil edilir.

      Müsabiqə çərçivəsində Respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib. Sənədləri müsabiqənin tələblərinə uyğun olan 595 nəfər müraciətçi imtahanda iştirak hüququ qazanıb. Bu mərhələdə namizədlər 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual olmaqla imtahan ediləcəklər.

      Müraciətçilərə imtahana keçid və imtahan tarixi ilə bağlı SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yer alıb.

      Peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:

      İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

      İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

      Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.