Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir
22
09 2021
news image

     21 - 22 sentyabr tarixlərində peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda peşə təhsil müəssisələrinin müəllim heyəti, istehsalat təlimi ustaları və direktor müavinlərinin iştirakı ilə təlimlər keçirilir.

     Onlayn qaydada təşkil olunan təlimlərin əsas müzakirə obyekti təhsil proqramlarının (kurikulumların) strukturu və hazırlanması, onların tətbiqi, tədris planları, dərs cədvəllərinin tərtibi, dərs bölgüsü, istehsalat təlimi və təcrübəsinin təşkili, təhsilalanların qiymətləndirilməsindən ibarətdir. Sözügedən təlimlər zamanı iştirakçılara peşə təhsilinin məzmunu ilə bağlı tətbiq edilən yeniliklər və dəyişikliklər bölüşülür, mövzu ətrafında geniş müzakirə aparılır. Bununla yanaşı onlayn təlimdə jurnal və digər təhsil sənədləri ilə bağlı yeni formatın təqdimatı həyata keçirilir və nümunələr üzərində həmin sənədlərin düzgün doldurulması qaydaları izah olunur. Təlimlər boyunca peşə və kvalifikasiya standartları, modul dərsliklərin tətbiqi, dərs saatlarının düzgün bölünməsi, fəal təlim üsulları, tədris proqramlarının hazırlanması ilə bağlı məsələlər də müzakirə olunur və iştirakçıların sualları cavablandırılır.

     Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi təşkilatçılığı ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub.