27 sentyabr tarixindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılır. 1 oktyabr tarixinədək davam edəcək müsahibə mərhələsi onlayn qaydada təşkil olunacaq.
Müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə qeydə alınan 1773 müraciətçidən 136 nəfəri növbəti mərhələyə keçid imkanı qazanıb. II mərhələyə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı və sms vasitəsilə əlaqə saxlanılıb. Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə ediləcəkdir. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil ediləcəkdir. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcəkdir.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək
- Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak
- Rəqabətə davamlı əmək haqqı
- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı
Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.