2021/2022-ci tədris ili üzrə tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili məqsədilə dərsliklərin çap edilməsinə başlanılıb. Peşə təhsilinin mühəndis-pedaqoji heyəti, həmçinin təhsilalanlar üçün ümumilikdə ümumtəhsil üzrə 33 adda 116.000 ədəd, ixtisas modulları üzrə isə 207 adda 213.350 ədəd dərs vəsaitinin çapı nəzərdə tutulub. İlkin mərhələdə 265.050 ədəd dərs vəsaitinin çapı yekunlaşıb. Növbəti mərhələ üzrə isə 64.300 dərs vəsaitinin çap olunması nəzərdə tutulub.
Nəşr edilən və peşə təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən, turizm, kənd təsərrüfatı, sənaye və avtomobil sahələrini əhatə edir.
Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı” ixtisaslarını, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları özündə birləşdirir. Həmçinin yeni tədris ilindən etibarən kənd təsərrüfatı istiqamətində “Üzümçülük və şərab ustası”, “Meyvə ustası”, “Tərəvəz ustası”, “Arıçılıq”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” və sənaye istiqaməti üzrə “Mebel ustası” ixtisasları üzrə dərsliklərin çapı nəzərdə tutulub.
Qeyd edək ki, 2020/2021-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə dərsliklərin nəşrinə başlanılıb. Ümumilikdə, peşə təhsil müəssisələri üçün 2020/2021-ci tədris ili üzrə 184.067 ədəd dərs vəsaitinin çapı həyata keçirilib.