“Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə dual təhsil proqramına qəbul elan edilir
03
09 2021
news image

      Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə dual təhsil proqramı ilə təhsil alacaq tələbələrin qəbuluna başlanılır.

      Dual təhsil proqramlarında tədris müddətində tədrisin nəzəri hissəsi peşə təhsil müəssisəsində praktiki hissəsi isə işəgötürən müəssisələrdə paralel olaraq təşkil edilir.

     “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə tədrisin nəzəri hissəsi Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə 2 gün, praktiki hissəsi isə həftədə 3 gün olmaqla həmin şəhərdə fəaliyyət göstərən “Gold Əminə” marketlər şəbəkəsində real iş şəraitində həyata keçiriləcək. İlk peşə təhsil səviyyəsi üzrə təşkil edilən dual təhsil proqramı ödənişsizdir və 6 ay davam edəcəkdir.

      Tədris dövründə tələbələr ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək və qida təhlükəsizliyi, sanitariya qaydaları, həmçinin müştəri məmnuniyyəti və digər mövzular üzrə nəzəri bilik və praktiki bacarıqlar əldə edəcəklər. Tədris müddətində tələbələr fərdi qəza sığortası və “Gold Əminə” marketlər şəbəkəsi tərəfindən uniforma (xüsusi geyim) və qida ilə təmin olunacaqlar.

      Qeyd edək ki, proqramı müvəffəqiyyətlə tamamlayan tələbələr peşə təhsili haqqında diplom almaqla yanaşı, sözügedən marketlər şəbəkəsində işləmək imkanı qazanacaqlar.

      Xatırladaq ki, 6 sentyabr 2021-ci il tarixinədək https://portal.edu.az/ platforması üzərindən onlayn qeydiyyatdan keçərək proqrama müraciət etmək mümkündür.

     Məlumat üçün bildiririk ki, təşəbbüs, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən PTDA ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.