Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC arasında olan əməkdaşlıq çərçivəsində Bakı, Gəncə və Bərdə şəhərlərində “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə dövlət vəsaiti hesabına 6 aylıq ilk peşə təhsil səviyyəsinə qəbul elan olunur. “BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində həyata keçirilən layihədə dual peşə təhsili sistemi əsasında nəzəri və praktiki dərslərin pararel tədris edilməsi nəzərdə tutulur.
Təhsil proqramının nəzəri hissəsi Bakı, Gəncə və Bərdədə yerləşən peşə təhsil müəsissələrində, praktiki hissəsi isə həmin şəhərlərdə fəaliyyət göstərən "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində real iş şəraitində həyata keçiriləcək.
Tədris dövrü ərzində iştirakçılar ərzaq və qeyri - ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, müştəri özəllikləri və müştəri məmnuniyyəti və bu kimi müxtəlif mövzular üzrə nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Tədris müddətində iştirakçılar fərdi qəza sığortası, praktiki təhsil zamanı isə "Bazarstore" MMC-nin uniforması (xüsusi geyim) və qida ilə təmin olunurlar.
Proqrama 2 - 6 sentyabr 2021-ci il tarixlərində http://portal.edu.az/ platforması üzərindən onlayn şəkildə qeydiyyatdan keçməklə müraciət etmək mümkündür. Tədrisin 15 sentyabr 2021-ci ildə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, proqramı uğurla tamamlayan iştirakçılar “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə peşə təhsili haqqında diplom almaqla yanaşı "Bazarstore" MMC-nin mağazalarında işləmək imkanı qazanacaqlar.