Peşə Təhsili üzrə Dövlət Agentliyi və Abşeron Logistika Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Anbar operatoru” ixtisası üzrə qısamüddətli təlimlər həyata keçirilib.
Əsasən istehsalat təlimi üzərindən təşkil edilən təlimlər zamanı iştirakçılar anbar operatoru vəzifəsinin uğurlu icrası üçün zəruri bilik və bacarıqlara yiyələniblər. Təlim proqramı nəticəsində iştirakçılar anbara daxil olan yüklərin sayılaraq təhvil - təslim olunması, markalanması və etiketlənməsi, həmçinin yüklərin növü və marşrut üzrə çeşidlənməsi, uyğunluq cədvəlinə uyğun saxlanması və ümumilikdə anbarın müvafiq standartlara və təhlükəsizlik qaydalarına uyğun idarəedilməsi üzrə bilik və bacarıqlar əldə ediblər.
Sözegedən təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Abşeron Logistika Mərkəzində həyata keçirilib. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə logistika istiqaməti üzrə bir sıra qısamüddətli təlimlər təşkil edilməkdədir. Təlimlərin əsas məqsədi gündən günə genişlənməkdə olan logistika sahəsi üzrə qabaqcıl müəssisələrlə əməkdaşlıqda əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə peşə təhsil mərkəzlərinin nəzdində keçirilən qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.