WorldSkills Asia tərəfindən təşkil edilən beynəlxalq bacarıq yarışlarının bağlanış mərasimi keçirilib
17
08 2021
news image

        WorldSkills Asia tərəfindən 13 bacarıq istiqaməti üzrə 26 müxtəlif ölkədən olan 122  müsabiqəçinin və 185 mütəxəssisin iştirakı ilə onlayn formatda keçirilən beynəlxalq bacarıq yarışına yekun vurulub. WorldSkills Azerbaijan platforması qismində ilk dəfə Azərbaycanın təmsil olunduğu  beynəlxalq bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə müvafiq olaraq mübarizə aparan müsabiqəçilər Kamil Səlimli və Hüseyn Qəmbərov uğurla iştirak edib, eləcə də beynəlxalq sertifikatla təltif olunublar.

        “Kiber təhlükəsizlik” istiqamətləri üzrə təmsilçimiz Hüseyn Qəmbərov “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yaxşı nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub. Qeyd edək ki, hər iki təmsilçi ötən ay müvafiq bacarıq istiqamətləri üzrə ölkə səviyyəsində keçirilmiş yarış və seçim turunda yüksək nəticə göstərməklə beynəlxalq yarışda iştirak etmək hüququ qazanıblar.

        Sözügedən yarışda təmsilçilik WorldSkills çətiri altında təşkil olunacaq gələcək bacarıq yarışlarında iştirak üçün əhəmiyyətli təcrübə hesab olunur, eləcə də müsabiqəçilərin bu qəbildən olan yarışlara hazırlıq səviyyəsinin yoxlanılması üçün mühüm rol oynayır. Qeyd edək ki, Azərbaycan gələn ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək WorldSkills hərəkatının ən ali tədbiri olan “Shanghai2022” bacarıq olimpiyadasında üç bacarıq istiqaməti üzrə təmsil olunacaq.

      Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə  inteqrasiya etmək imkanı yaradır.