23 iyul tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə WorldSkills Azerbaijan platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək iştirakçıların seçim turu keçirilib. Seçim mərhələsinin nəticələrinə əsasən ən yaxşı nəticə göstərən namizədlərdən olan Hüseyn Qəmbərov 28-31 iyul tarixlərində WorldSkills Asia tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik üzrə yarışda Azərbaycanı təmsil etmək hüququ əldə edib. Onlayn formatda təşkil edilən yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində baş tutan seçim mərhələsinə onlayn qaydada qeydiyyatdan keçən 53 iştirakçıdan 30 nəfəri qatılıb. 25 yaşa qədər namizədlərin qeydiyyatdan keçdiyi seçim mərhələsində iştirakçıların orta yaş həddi isə 20-ə bərabər olub. Ümumilikdə 4 saat davam edən seçim turunda namizədlər 3 mövzu üzrə tapşırıqları həll ediblər.
Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.