“İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək Operatoru (IT Helpdesk)” istiqaməti üzrə təlimlərə başlanılır
29
07 2021
news image

      Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək Operatoru (IT Helpdesk)” istiqaməti üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbuluna start verilib.

      Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Təlimə kompüterdən istifadənin əsasları üzrə bilikləri və əməliyyat sistemləri ilə tanışlığı olan (18 yaşdan yuxarı) orta ixtisas/peşə və ya ali təhsilli şəxslər müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.                 

      Təlim iştirakçıları 2 ay müddətində həftədə üç dəfə (hər gün 3 saat olmaqla) keçiriləcək təlim zamanı kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin edib aradan qaldırmağı, eyni zamanda Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etməyi öyrənəcəklər.

      Müraciətlər 20 avqust, 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul edilməkdədir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.