Quba Peşə Liseyində yerləşən metal emalatxanasının açılış mərasimi baş tutub
27
07 2021
news image

     26 iyul tarixində Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində Quba Peşə Liseyində yerləşən metal emalatxanasının açılış mərasimi baş tutub.

     Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı səfiri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Proqram direktoru və layihə rəhbəri, həmçinin Quba Peşə Liseyinin rəhbər şəxsləri iştirak edib.

     Quba Peşə Liseyinin 150 m2-lik metal emalatxana binası lazım olan tikinti materialları, təlim ləvazimatları və alətlər ilə təchiz olunaraq, “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi çərçivəsində yenidən qurulub.

     Sözügedən proqram çərçivəsində yaradılmış yeni emalatxana tələbələrə müvafiq peşə üzrə praktiki biliklərin əldə olunmasına birbaşa şərait yaradır. Quba Peşə Liseyində metal emalatxanasının açılması ilə 100-dən çox tələbə  il ərzində  burada  dəmir kəsimi, əymə, kanal açma, işarələmə, qazma, qurma, qaynaq, məcmu təmir, daxili və xarici ipləmə üzrə praktiki təlimlərdən keçə biləcək. Bu praktiki sessiyalar tələbələrə nəzəri biliklərini möhkəmləndirməyə, sahə üzrə bilgiləri daha yaxşı mənimsəməyə və məzun olduqdan sonra əmək bazarına  potensial kadr olaraq daxil olmalarına kömək edəcək.   

     Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri çıxışı zamanı ölkəmizdə kənd təsərrüfatı, turizm və logistika sektorlarında Almaniyanın dəstəyindən söz açıb. Həmçinin mütəxəssislər və digər dövlət nümayəndələri peşə təhsilindəki islahatlar, onun regional inkişafdakı rolu, peşə təhsilinə ikili təhsil yanaşması, peşə təhsil müəssisələrinin  özəl sektorla əməkdaşlıq imkanları və gələcək planlar barəsində çıxış ediblər. Tədbirin sonunda iştirakçılara Quba Peşə Liseyi tərəfindən metal emalatxanasına bələdçi turu təşkil olunub.

     Qeyd edək ki, 2017-2023-ci illəri  əhatə edən “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir. Proqramın ölkəmizdəki əsas məqsədi tələbələrin praktiki təliminə özəl sektorun cəlb olunması ilə ikili peşə təhsili təqdim etmək, yeni peşə təhsil ixtisasları yaratmaq, peşə təhsili idarə heyətinin, müəllim kollektivinin və şirkətdaxili təlimçilərin potensialını gücləndirməkdən ibarətdir.