Peşə Təhsili üzrə Dövlət Agentliyi “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı çərçivəsində Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlığa başlayıb
22
07 2021
news image

     İyul ayından başlayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Turizm Agentliyi ilə birgə “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı çərçivəsində əməkdaşlığa başlayıb. Dövlət Turizm Agentliyi tərəfindən təqdim olunan layihənin əsas məqsədi regionlarda turizm və qonaqpərvərlik sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, eyni zamanda adıçəkilən sahələrdə yerli sakinlər üçün məşğulluq imkanları yaratmaqdan ibarətdir.  

     Regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsini təmin edən layihədə müvafiq turizm bölgələrindən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edir. Sözügedən peşə təhsil müəssisələrindən olan iştirakçılar ideyalarını https://ritm.tourismboard.az/ rəsmi səhifəsi vasitəsilə  qeydiyyatdan keçərək təqdim edəcəklər.  Layihə üzrə ideyaların qəbulu 06 avqust 2021-ci il tarixinədək davam edəcək.

     Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yanaşı “RİTM” proqramına tərəfdaş qismində qatılan şirkətlər arasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) da yer almaqdadır.

     Qeyd edək ki, “RİTM” regional sahibkarlıq proqramı turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.