Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi layihəsi çərçivəsində hazırlanmış səriştə əsaslı kurikulumların təqdimatı keçirilib
27
03 2018
news image

         Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində 27 mart 2018-ci il tarixində Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi layihəsi çərçivəsində hazırlanmış səriştə əsaslı kurikulumların təqdimatı keçirilib. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və əməkdaşları, həmçinin layihənin ekspertləri iştirak edib.

        Görüşdə layihə çərçivəsində hazırlanmış təhsil proqramlarının (kurikulumların) strukturu iştirakçıların diqqətinə çatdırılıb, təhsilalanların qiymətləndirilməsi formaları müzakirə edilib, hazırlanmış kurikulumlara dair rəy və təkliflər dinlənilərək müvafiq düzəlişlər edilib. 

         Peşə standartları əsasında tərtib edilmiş kurikulumlar sahə üzrə mütəxəssislər, beynəlxalq və yerli ekspertlər, peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti tərəfindən birgə hazırlanaraq işəgötürənlər tərəfindən təsdiq edilib. Növbəti mərhələdə kurikulum əsasında tədris materialları və kitabların hazırlanması nəzərdə tutulub. Bu kurikulumlardan növbəti tədris ilindən pilot olaraq istifadə edilməsi, eləcə də qeyd edilən kurikulum formatı əsasında digər təhsil proqramlarının hazırlanması və yenilənməsi planlaşdırılıb.