Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) özəl sektor nümayəndələri ilə dəyirmi masaların təşkilinə Bakıda yerləşən peşə təhsil müəssisələri ilə davam edir.
Dəyirmi masaların keçirilməsində məqsəd ölkədəki özəl sektor şirkətləri ilə daha sıx əlaqələr qurmaq və onları peşə təhsilinin müasirləşdirilməsi proseslərinə yaxından cəlb etməkdir.
Sayca dördüncü olan tədbir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM), Rabitə və Informasiya Texnologiyaları üzrə BDPTM, Turizm və Sosial Xidmətlər üzrə BDPTM və Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM ilə birgə təşkil edilib. İki müxtəlif məkanda baş tutan tədbir texnologiya və mühəndislik, nəqliyyat, tekstil və mebel sənayesi, multimedia istehsalı üzrə ixtisaslaşmış şirkətləri və televiziya qurumlarını, o cümlədən peşə təhsili və təlimi (PTT) üzrə mütəxəssisləri və mövzu ilə əlaqədar tədqiqat qrupunu bir araya gətirib.
İştirakçılar peşə təhsili sistemində hazırda gedən fəaliyyətlər barədə ətraflı məlumat alıblar, həmçinin iş əsaslı öyrənmə və təcrübə proqramları, karyera mərkəzlərinin yaradılması, eləcə də PTT mərkəzləri ilə digər mümkün tərəfdaşlıq perspektivləri haqda müzakirələr aparıblar.
Sözügedən tədbirlər çərçivəsində özəl sektor nümayəndələri mövcud bazarın tələblərini paylaşıb və PTT sektorunun müasirləşdirilməsi fəaliyyətlərində iştirak etmək üçün öz gözləntilərini bildiriblər.
Dəyirmi masa tədbirləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə, səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd, peşə təhsilinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməkdir.
Sözügedən silsilə görüşlər bu ayın sonuna qədər davam edəcək.