WorldSkills standartlarına əsaslanan ölkə üzrə ilk veb proqramlaşdırma yarışının mətbuat konfransı keçirilib.
12
07 2021
news image

      12 iyul tarixində WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə həyata keçirilən veb proqramlaşdırma üzrə ölkə səviyyəsində təşkil edilən yarışla bağlı mətbuat konfransı keçirilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və həmçinin WorldSkills Azerbaijan platformasının rəsmi nümayəndəsi olan Pərviz Yusifov media nümayəndələrinə veb proqramlaşdırma yarışı və ümumilikdə WorldSkills hərəkatı haqqında məlumat verib. Son illərdə ölkəmizdə veb texnologiyaları istiqaməti üzrə təhsilin bütün sahələrində yeniliklərin tətbiq edildiyini, keçirilən yarışın əsas hədəfinin də məhz bu istiqamətdə gənclərin inkişafını dəstəkləmək olduğunu diqqətə çatdırıb. Mətbuat konfransı zamanı həmçinin növbəti tədris ilindən etibarən 3 ixtisas üzrə tədrisin WorldSkills standartlarına əsasən tətbiq ediləcəyi bildirilib.

      Qeyd edək ki, bugün həmçinin veb proqramlaşdırma üzrə yarışın “Final” mərhələsi də start götürüb. 21 yaşa qədər gənclər arasında keçirilən yarışın ilkin seçim turunda yüksək nəticə göstərmiş gənclər “Final” mərhələsində iştirak etmək imkanı əldə ediblər. 3 moduldan ibarət olan “Final” mərhələsində müsabiqəçilər “dizayn”, “front-end” və “back-end” modulları üzrə praktiki tapşırıqları yerinə yetirirlər. Yarış ölkəmizdə COVID-19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilir. Yarış zalına daxil olan hər bir iştirakçının hərarəti ölçülür, həmçinin iştirakçılar tibbi maskalarla təmin edilirlər.

      Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin  tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan veb proqramlaşdırma yarışı ölkəmizdə WorldSkills modelinə uyğun keçirilən ilk yarışdır. Belə ki, yarışın test tapşırığı və qiymətləndirmə meyarları WorldSkills peşə standartları  əsasında  müəyyən edilib. Veb proqramlaşdırma yarışının qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.