Veb proqramlaşdırma üzrə yarışın “Final” mərhələsi keçiriləcək
09
07 2021
news image

       12-13 iyul tarixlərində WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə veb proqramlaşdırma üzrə yarışın Final” mərhələsi keçiriləcək.

       21 yaşa qədər gənclər arasında keçirilən yarışın ilkin seçim mərhələsində yüksək nəticə göstərmiş 24 müsabiqəçi Final” mərhələsində iştirak etmək imkanı əldə ediblər. Yarış günü müsabiqəçilərdən “dizayn”, “front-end” və “back-end” modulları üzrə praktiki tapşırıqları yerinə yetirmələri tələb olunacaq. Tədbirin ikinci günündə veb  proqramlaşdırma üzrə yarışın bağlanış və qaliblərin təltifetmə mərasimi baş tutacaq. Həmçinin, bağlanış mərasimi zamanı “Təhsilin rəqəmsallaşması: Perspektivdə nə var?” mövzusu üzrə panel müzakirənin keçirilməsi nəzərdə tutulur.

      Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin  tərəfdaşlığı ilə baş tutan veb proqramlaşdırma yarışı ölkəmizdə WorldSkills modelinə uyğun keçirilən ilk yarışdır. Belə ki, yarışın test tapşırığı və qiymətləndirmə meyarları WorldSkills peşə standartları  əsasında  müəyyən edilib. Veb proqramlaşdırma yarışının qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar. Sözügedən yarış “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “Azedunet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.

      Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.