"Bərdə Peşə Liseyinin modernləşdirilməsi” qrant layihəsinin başlanılması münasibətilə təqdimat keçirilib
14
03 2018
news image

          Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili Dövlət Agentliyində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin modernləşdirilməsi” qrant layihəsi çərçivəsində Yerli İdarəetməyə Yardım İctimai Birliyinin Təhsil İnstitutu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Estoniyanın kənd-təsərrüfatı profilli peşə məktəbi Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə birgə icra etdiyi “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi" layihəsinin başlanılması ilə bağlı görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının, nümayəndələri iştirak etmiş, layihə müddətində görüləcək işlər barədə müzakirələr aparmışlar.  

          Görüşdə layihənin icraçıları təqdimat ilə çıxış edərək görüş iştirakçılarına layihə haqqında məlumatlar vermişlər. Bundan sonra layihə çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparılmış, layihəyə əlavə ediləcək əsas tədbirlər ilə bağlı fikir mübadiləsi baş tutmuşdur.

      Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyinin maddi texniki bazasının təkmilləşdirilməsi, kadr heyətinin potensialının artırılması, eləcə də liseyin idarəedilməsinin müasir standartlara uyğun təşkilidir. Layihə çərçivəsində Bərdə Peşə Liseyinin strateji planının hazırlanması, rəhbər və mühəndis-pedaqoji heyətin təlimlərə cəlb edilməsi, məktəbin büdcədənkənar gəlirlərinin artırılması üçün yeni planın tərtib edilməsi, beynəlxalq standartlara cavab verən yeni təhsil proqramları (kurikulumların) və modul tədris vəsaitlərinin hazırlanması, eləcə də təhsil müəssisəsinin lazımi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur.

          Layihənin icra müddəti 2017-2020 illəri əhatə edir.