Ölkə səviyyəsində keçirilən Veb proqramlaşdırma yarışının bağlanış və təltifetmə mərasimi keçirilib
13
07 2021
news image

     13 iyul tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə ölkə səviyyəsində keçirilən veb proqramlaşdırma üzrə yarışın bağlanış və təltifetmə mərasimi keçirilib. Mərasimdə açılış nitqi ilə çıxış edən WorldSkills Azerbaijan platformasının texniki nümayəndəsi Ceyran Məmmədli qonaqlara veb proqramlaşdırma yarışı və ümumilikdə WorldSkills Azerbaijan platforması haqqında məlumat verib.

     Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru  Pərviz Yusifov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirakı ilə “Təhsilin rəqəmsallaşması: Perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib. Natiqlər 21-ci əsrdə rəqəmsallaşmanın təhsilin ayrılmaz hissəsinə çevrildiyini və bu prosesin ölkəmizdə də təhsilin bütün sahələrində müşahidə edildiyini vurğulayıblar.

     Mərasimin sonunda Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev veb proqramlaşdırma yarışının qaliblərini mükafatlandırıb və onlara qiymətli hədiyyələr təqdim edib. Qeyd edək ki, yarışının qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.

     Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin  tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan veb proqramlaşdırma yarışı ölkəmizdə WorldSkills modelinə uyğun keçirilən ilk yarışdır. Belə ki, yarışın test tapşırığı və qiymətləndirmə meyarları WorldSkills peşə standartları  əsasında  müəyyən edilib.