WorldSkills standartları əsasında təşkil edilən Veb proqramlaşdırma yarışının “Final” mərhələsi keçirilib
12
07 2021
news image

     12 iyul tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə keçirilən veb proqramlaşdırma üzrə ölkə səviyyəsində olan yarışın “Final” mərhələsi baş tutub. 21 yaşa qədər gənclər arasında keçirilən yarışın ilkin seçim turunda yüksək nəticə göstərmiş 20 gənc “Final” mərhələsində iştirak etmək imkanı əldə ediblər. 3 moduldan ibarət olan “Final” mərhələsində müsabiqəçilər “dizayn”, “front-end” və “back-end” modulları üzrə praktiki tapşırıqları yerinə yetiriblər. Yarış ölkəmizdə COVID-19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilib. Yarış zalına daxil olan hər bir iştirakçının hərarəti ölçülüb, həmçinin iştirakçılar tibbi maskalarla təmin ediliblər.

     Qeyd edək ki, 13 iyul tarixində yarışın təltifetmə və bağlanış mərasimi keçiriləcək. Mərasimdə həmçinin “Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirənin keçirilməsi də nəzərdə tutulur.

     Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin  tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “Azedunet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan veb proqramlaşdırma yarışı ölkəmizdə WorldSkills modelinə uyğun keçirilən ilk yarışdır. Belə ki, yarışın test tapşırığı və qiymətləndirmə meyarları WorldSkills peşə standartları  əsasında  müəyyən edilib. Veb proqramlaşdırma yarışının qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.

     Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.