İyunun 30-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “Məzun günü” keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib və onlara uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması baxımından ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Peşə təhsilinin xüsusi əhəmiyyətini vurğulayan Emin Əmrullayev işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsi, onların tələblərinə uyğun kadr hazırlığının aparılması və nəticə etibarı ilə peşə təhsilinə marağın artmasına diqqət çəkib.
Daha sonra nazir gələcəkdə yaradılacaq yeni peşə təhsili mərkəzləri hesabına peşə təhsili alacaq tələbələrin sayının artacağını əlavə edib.
Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsas prioritetləri sırasında işəgötürənlərlə yaxından əməkdaşlığın təşkili, hazırda 50-yə yaxın yerli və xarici şirkətlərlə müxtəlif layihələr və məşğulluq istiqamətində işlərin aparıldığı xüsusi vurğulanıb.
“Məzun günü”ndə mərkəzin əməkdaşlıq etdiyi işəgötürənlər, fəxri məzunlar, müəllim və valideyn kollektivi də iştirak edib.
Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 300-dən çox məzun bitirir.