WorldSkills Azerbaijan platformasının nümayəndə heyəti yarışlarının təşkili və bacarıqların inkişaf etdirilməsi üzrə vebinarda iştirak edib
25
06 2021
news image

      Azərbaycanda bacarıq yarışlarının təşkilinə dəstək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu (GİFTS) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Dayanıqlı Bacarıq Yarışları Sistemi üzrə Bilik Mübadiləsi” adlı üçüncü vebinar baş tutub.

      WorldSkills Azerbaijan platformasının nümayəndə heyəti də daxil olmaqla səkkiz ölkənin təmsilçilərini iştirak etdiyi vebinarda WorldSkills yarışları çərçivəsində veb texnologiyaları bacarığı üzrə Baş ekspert müavini Seunglyul Ryu və GIFTS təşkilatının Bacarıq Yarışları departamentinin direktor müavini Man-hee Bang “Bacarıqların inkişaf etdirilməsi və müsabiqələrin hazırlanması təşkil edilməsi” adlı mövzu ilə çıxış edərək Koreyanın ən yaxşı təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. Koreyalı nümayəndələr veb texnologiya bacarığı üzrə infrastrukturu yaradılması, test tapşırıqlarının hazırlanması prosesi və qiymətləndirmənin aparılması metodları haqqında tədbir iştirakçılarına məlumat veriblər.

      Vebinarda iştirakçılar bacarıqların analizi və yeni bacarıqların yarışlara daxil edilməsi  mövzuları ətrafında fikir mübadiləsi aparıb. Onlayn formatda həyata keçirilən tədbirin məqsədi yerli mütəxəssislərin potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi, eləcə də  Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakının təşkil edilməsi ilə bağlı bilik və təcrübələrin mübadiləsi aparmaqdır.

      Qeyd edək ki,  WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. WorldSkills hərəkatına qoşulmaq Azərbaycanda bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.