Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb
23
06 2021
news image

       May ayından etibarən davam edən peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsi başa çatıb.

     Sözügedən müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib. Müddətsiz müqavilə ilə daimiləşmək üçün həyata keçirilən mərhələsi onlayn formatda təşkil olunub. Seçim zamanı Müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib. Müsahibədə uğur qazanmış 26 müəllim ilə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına müsbət rəy verilib. Müsahibənin nəticələri ilə bağlı məlumatlar namizədlərə sms vasitəsilə təqdim olunub.

     Xatırladaq ki, cari tədris ilinin əvvəlində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilmiş və MİQ test imtahanı nəticələrinə əsasən müvafiq namizədlər peşə təhsil müəssisələrində vakansiyalar üzrə yerləşdirilmişdir. Sözügedən müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkilinə pandemiya ilə əlaqədar yalnız may ayından etibarən başlanılması mümkün olmuşdur.