Peşə təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə işəgötürənlərin iştirakı ilə Dövlət Buraxılış İmtahanları keçirilir
24
06 2021
news image

      Peşə təhsil müəssisələrində 2020/2021-ci tədris ilində məzun olacaq şəxslər üçün işəgötürənlərin iştirakı ilə Dövlət Buraxılış İmtahanları təşkil edilməkdədir. İşəgötürənlərin imtahan prosesinə cəlb edilməsi məzun olacaq şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi mərhələsində bilavasitə əmək bazarının tələblərinin nəzərə alınmasına xidmət edir.
      Bir sıra qabaqcıl peşə təhsil müəssisələrində təşkil edilən imtahan prosesində iri və nüfuzlu işəgötürənlər yaxından iştirak etməkdədirlər. Belə ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “AutoAzərbaycan” MMC, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gilan Dairy Farms” MMC, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Azərxalça” ASC, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Fairmont Bakı” otelindən olan nümayəndələrin sədrliyi ilə keçirilən imtahanlar zamanı komissiya üzvləri ilə birgə tələbələrin yekun qiymətləri, istehsalat xasiyyətnamələri, ixtisas (sınaq) işlərinin nəticələri nəzərdən keçirilir, şifahi sorğu aparılaraq imtahan nəticələri müəyyənləşdirilir.
      İşəgötürənlərin iştirakı ilə müxtəlif istiqamətlərdə görülən işlər peşə təhsil müəssisələrinə müxtəlif sektorlar üzrə real təcrübədən faydalanmağa, həmçinin işəgötürənlərə də öz növbəsində peşə təhsili üzrə kadr hazırlığını öz ehtiyaclarına uyğunlaşdırmaları üçün şərait yaradır.
      Qeyd edək ki, ümumilikdə bu imtahanlar müvafiq peşə təhsil müəssisəsinin əməkdaşlıq etdiyi müəssisələrin cəlbi ilə aparılır. Ümumilikdə, peşə təhsil müəssisələrində aparılan Dövlət Buraxılış İmtahanları iyun ayının əvvəlindən başlamışdır və 30 iyun tarixinədək başa çatması planlaşdırılır.