“Bacarıqlı ol ” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” supermarketlər şəbəkəsi ilə birlikdə mart ayından etibarən icra edilən “satıcı – kassir” ixtisası üzrə qısa müddətli ödənişsiz hazırlıq təlimləri başa çatıb. Təlimin yekunu olaraq bu gün İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 17 müdavimin test üsulu ilə qiymətləndirilməsi keçirilib. Qiymətləndirmə prosesində “Bazarstore” MMC-nin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi nümayəndələri iştirak ediblər. Müdavimlər 90 dəqiqə ərzində 60 sual cavablayıblar.
24 iyun tarixində iştirakçılara sertifikatlar təqdim olunacaq və qiymətləndirmənin nəticələrinə görə ən yüksək bal toplamış müdavimlərə “Bazarstore” MMC adından əlavə olaraq mükafat təqdim ediləcək. Həmçinin, təlimi uğurla başa vuran müdavimlər Bazarstore supermarketlər şəbəkəsində işləmək imkanı əldə edəcəklər.
Təlimin məqsədi peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.
Qeyd edək ki, keçirilən təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” MMC arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində baş tutub. Tələbənin real işdə “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən proqram nəzəri biliklərin onlayn, praktiki biliklərin, bacarıq və səriştələrin isə paralel olaraq tərəfdaş şirkətdə real iş mühitində əldə edilməsini təmin edir.