Mingəçevir Peşə Məktəbi təhsil və sənaye sahələri üzrə üçtərəfli əməkdaşlıq formatında görüş keçirib
14
06 2021
news image

         Ötən həftə Mingəçevir Peşə Məktəbi ilə Mingəçevir Dövlət Universiteti və “Azmade Group” MMC şirkətinin nümayəndələri arasında görüş keçirilib.

         Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov görüş zamanı 2016-cı ildən başlayaraq ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və peşə təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi ilə meydana çıxan yeni imkanlardan danışan İ. İlyasov Mingəçevir Peşə Məktəbi və Bərdə Peşə Liseyində mövcud olan ixtisaslar barədə ətraflı məlumat verib. Subbakalavr hazırlığı imkanlarından danışan mərkəz rəhbəri üçtərəfli əməkdaşlığın təmsil etdiyi peşə təhsili müəssisələrinin potensialının gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

       Görüş çərçivəsində Mingəçevir Peşə Məktəbi MDU, və “Azmade Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ortaq layihələrin reallaşdırılmasını və üçtərəfli formatda digər birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

      Qeyd edək ki, regional ekosistemin mühim aktorlarına çevrilməsini hədəfləyən sözügedən təhsil müəssisələrində sənaye istiqamətində işbirliyinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir. Kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması üçün müxtəlif formatlı əməkdaşlıqların yaradılması diqqət mərkəzində saxlanılır.