“Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
12
06 2021
news image

        12 iyun tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi və WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə peşə təhsil müəssisələri arasında keçirilən “Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə müsabiqədə iştirak edən tələbələrin əl işlərindən ibarət xalça sərgisi təşkil edilmiş və qaliblərə mükafatlar təqdim edilmişdir. “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçirilən sərgi və mükafatlandırma mərasimi ictimaiyyətə açıq olub.

        Mükafatlandırma mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov çıxış edərək müsabiqənin əhəmiyyəti barədə söz açıb. Tədbirə qatılan qonaqlar sırasında “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova peşə təhsili müəssisələri arasında keçirilən yarışı və təqdim olunan əl işlərini yüksək qiymətləndiriblər. Onlar ölkəmizdə xalçaçılıq sənətinin inkişafı üçün bundan sonra müəssisələrlə daha yaxından əməkdaşlığın vacibliyini vurğulayıblar.

        “Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” mövzularında 3 kateqoriya üzrə qaliblər və onların müəllimlərinə medallar, sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Bütün kateqoriyalar üzrə ümumilikdə ən yüksək nəticə göstərən 13 nömrəli Bakı Peşə Məktəbi yarışın qalib müəssisəsi seçilib.

        Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.