Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirinin qəbulu zamanı peşə təhsilinin vacibliyindən bəhs edib.
27
05 2021
news image

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.

     Görüşdə iki ölkə arasında təhsil sahəsindəki münasibətlər müzakirə edilib, təhsilin Türkiyə-Azərbaycan əməkdaşlığında önəmi vurğulanıb. Prezident İlham Əliyev öz çıxışında peşə təhsilinin vacibliyini xüsusi diqqətə çəkib və bu istiqamətdə görülən işlərdən məmnunluğunu dilə gətirib. Müzakirə zamanı cənab prezident onu da qeyd edib ki, Azərbaycan, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Bu baxımdan görüş zamanı prezident İlham Əliyev azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə təhsil müəssisələrinin yaradılmasının zəruriliyini önə çəkib.

      Xatırladaq ki, 25 may tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin nümayəndə heyəti arasında da, görüş keçirilib. Görüş zamanı, 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsil sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm məsələlər ətraflı müzakirə edilib. Tərəflər müvafiq Protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi məsələsinin vacibliyini vurğulayıb və yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını qeyd edib.