Lənkəran Peşə Liseyi tərəfindən 1 İyun Uşaq Hüquqlarının Müdafiəsi Günündə Lənkəranın bir neçə uşaq bağçasında “Sənət Bağçası” adı ilə tədbirlər keçirmişdir.
Tədbirin əsas məqsədi uşaq bağçalarında peşəyönümlü işləri nümayiş etdirməklə bu müəssisələrdə təhsil alan uşaqların fiziki sağlamlığına, yaradıcılıq düşüncəsinə, kiçik motor fəaliyyətlərinə, idraki, estetik və emosiaonal inkişafına dəstək verməkdir.
Tədbirdə Lənkəran Peşə Liseyinin “Xalçaçılıq”, “Çilingər Santexnik”, “Qaynaqçı”, “Bitkiçilik”, “Çay və Sitrus Ustası”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Avtomobillərin təmiri çilingəri” qruplarının müəllim və tələbələri iştirak etmişdir.
Tədbir zamanı uşaqlar Azərbaycanın milli irsi olan xalçanın toxunma prosesini izləmiş, onlarla bu sahədə sual cavab edilmiş, toxunan xalça uşaq bağçasına hədiyyə edilmişdir. Lənkəran Peşə Liseyində hazırlanan kiçik “bağçalarda” uşaqların iştirakı ilə müxtəlif tərəvəzlər və güllər əkilmiş, uşaqlarda ətraf mühitə sevginin artırılması üçün hər bağçada uşaqların iştiakı ilə quş yuvaları yerləşdirilmişdir.
Qeyd edək ki, Lənkəran Peşə Liseyinin “Sosial məsuliyyət” proqramı çərçivəsində bu günə kimi Lənkəranın müxtəlif bağçalarına yelləncək və oturacaqlar düzəldilib hədiyyə verilmiş, 3 uşaq bağçasına su xətlərinin yenilənməsində texniki dəstək göstərilmiş, Lənkəran və Astaranın uşaq bağçalarında 300-ə yaxın meyvə ağacı əkilmişdir.
Sənət Bağçası adı ilə həyata keçirilən tədbirlərin layihə formasında inkişaf etdirilməsi nəzərdə tutulur.